Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzinin (ÇASGEM) sədri Elif Gökçearslanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya təşkil edilən səfəri davam edir.
Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyət istiqamətləri ilə tanış olub.
Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Hasil Abbasov nümayəndə heyətinə qurum daxilində fəaliyyət göstərən Qiymətləndirmə, Təlim və İnkişaf habelə Təhlil və Tədqiqat Mərkəzləri barədə məlumat verib.
Qeyd olunub ki, Qiymətləndirmə Mərkəzində təlim ehtiyaclarının müəyyən edilməsi üçün imtahanlar keçirilir.
Təlim və İnkişaf Mərkəzində qonaqlara təlim otaqları nümayiş olunub, keçirilən təlim istiqamətləri və proqramları haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz əməkdaşların fərdi təlim ehtiyacları istiqamətində təlimlər, kurslar, konfranslar və məsləhət xidmətləri təşkil edərək əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət edir.
Daha sonra nümayəndə heyəti Milli Observatoriyanın təhlil və tədqiqat, sorğu monitorinq üzrə çalışan peşəkar komandası ilə görüşüb. Onlara aparılan tədqiqat mövzuları və nəticələri, sorğu prosesi və tətbiq edilən sorğu texnologiyaları haqqında ətraflı məlumat verilib.
Elif Gökçearslan Milli Observatoriyanın fəaliyyətini yüksək qiymətləndirdiyini, əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını qeyd edib.