Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Vətən müharibəsi şəhidlərinin məktəbli övladları ilə görüş keçirilib.
Görüşdə buraxılış və qəbul imtahanlarına hazırlaşan 9, 10, 11-ci sinif şagirdi olan şəhid övladlarına təhsillərinə dəstək olmaq məqsədilə ixtisas seçimi ilə bağlı trendlər, peşə seçimi ilə bağlı istiqamətlər, əmək bazarının tələbləri, tələb olunan bacarıqlar haqqında geniş məlumat verilib.
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli qurumun fəaliyyət istiqamətləri haqqında da danışıb. Bildirib ki, qurum tərəfindən mütəmadi olaraq Bakıda və regionlarda fəaliyyət göstərən məktəblərdə uşaqların peşəyönümü meyillərini müəyyənləşdirmək məqsədilə sorğular keçirilir.
9, 10, 11-ci sinif şagirdləri arasında keçirilən sorğular zamanı şagirdlərin təhsil perspektivləri, peşə və ixtisas seçiminə təsir edən faktorlar, məqsədyönlü ixtisas seçimini təşviq edən amillər kimi vacib məsələlər öyrənilir, psixoloji testlər aparılır.
Sonra məktəblilərin fikirləri dinlənilib. İxtisas seçimi ilə bağlı sualları cavablandırılıb.
Sonda xatirə şəkili çəkilib.